Xərçəngin dərmanı tapıldı - türklər vaksin yaratdı 

12:10 17.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Kovid-19" pandemiyasına qarşı mRNA aşısı yaradaraq böyük uğurlara imza atan professor Uğur Şahin və Özləm Türəci cütlüyü, xərçəngə qarşı da güclü dərman kəşf edib.

Hafta.az-ın NTV-yə istinadən yazdığına görə, türk alimlərin bu məqsədlə yaratdığı aşı klinik sınaq zamanı ilkin uğurları ilə hər kəsi sevindirib. Professor Şahinin məlumatına görə, aşının sınağı zamanı yumurtalıq və testisdə ölümcül xərçəng yaradan qatı şişlərin kiçildiyini görüblər. Professor qeyd edib ki, RNA texnologiyasını qan xərçənginə qarşı inkişaf etdirdiyi CAR-T hüceyrə müalicəsi ilə birləşdirərək bu dəfə qatı şişləri hədəf alaraq bir ilkə imza atıblar. CAR-T müalicəsi, xəstələrdən "T hüceyrələri" adlandırılan immum hüceyrələrinin götürülərək genetik şəkildə xərçəngi hədəf alacaq formada dəyişdirməyi hədəfləyib. 

“CAR-T hüceyrə müalicələri qatı hüceyrələrdə B hüceyrəli tümörlərlə müqayisədə daha çətindir. Bu səbəblə də, CAR-T hüceyrələrinin qatı şişlərin fəaliyyətinə dair hələlik önəmli sübut yoxdur. Ancaq doğru hədəf və aşı tətbiqi bu məsələnin öhdəsindən gələcəyimizə inamı arıtırır. Aşı ilə "Claudin-6" proteinini bu prosesə daxil edib "T-hüceyrələrinin" şişlərlə daha təsirli savaşmasına şərait yaradırıq. Yumurtalıq və ya testis xərçəngi olan xəstələrin müalicəsiylə bağlı ilk fəaliyyətimizdə bəzi xəstələrdə şişlərin kiçildiyini klinik şəraitdə isbatladıq", - professor Şahin deyib.

Alim onu da bildirib ki, hazırda sınaq davam edir və xəstələrə vurulan aşının ozasının artırılması prosesi gedir. Onun sözlərinə görə, bir neçə xəstəyə yüz milyonlarla "T" hüceyrəsi köçürülüb və hələlik heç bir yan təsiri ortaya çıxmayıb. 

U.Şahin onu da bildirib ki, sınağa seçilmişlər xərçəngin ağır formada inkişaf etdiyi və heç bir müalicəsi olmayan, sadəcə sağalmaq üçün sözügedən aşıya ümid edən xəstələr seçilib.

"Hələlik klinik testlər davam edir və tam nəticə alınan kimi məhsul dünya bazarına çıxarılacaq. Amma insanlar bunun üçün daha üç-dörd il gözləməli olacaqlar", - U.Şahin bildirib.